| |
- İraqla oyunda meydana çıxmamağınızın səbəbi nə idi? - Mənim kiçik zədəm var idi. Ölkə çempionatında “İnter”lə görüşdən sonra ağrılar hiss etməyə başladım. Bu da süni örtüklü meydanda oynamaqla bağlı idi. Artıq bərpa olmuşam. Hər şey qaydasındadır.
- Belə çıxır ki, “İnter” sizə ikiqat zərbə vurub: həm uduzdunuz, həm də zədə aldınız… - Ciddi bir şey yoxdur. Sadəcə, risk etmək istəmədim. Yaxşısı budur ki, sonra əziyyət çəkməməkdən ötrü özümü qoruyum.
- Yığmanı kənardan izlədiniz. Komanda necə təsir bağışladı? - Milli komandamız birinci hissədə çox yaxşı oynadı. Xoşuma gəldi. Amma futbolda “vurmayana vurarlar” prinsipi var.
- Kənardan qaçırılan imkanlara baxanda, “kaş meydanda olaydım...” deyə fikirləşirdinizmi? - Yox. Niyə başqalarını ittiham edim? İmkan qazananların hər biri qol vurmaq istəyirdi. Bilmək olmaz ki, mən meydana çıxsaydım, necə olacaqdı.
- Berti Foqts deyib ki, hazır olsanız sizi Çexiya ilə oyunda meydana buraxacaq. - Baş məşqçi belə deyibsə, yəqin ki, elə belə də olar.
- Ancaq BƏƏ-də arzuolunmaz hava şəraiti var... - Artıq neçə gündür burda məşq edirik. Bu mənada problem yoxdur.
- Çexiya ilə qarşılaşmadan nə gözləyirsiniz? - Çexlərin ilk oyununu görməmişəm. Sabah onların yerli komanda ilə görüşünün videoyazısını izləyəcəyik.
- Üçüncü yer uğrunda matçda çexlərlə oynayacağınızı gözləyirdiniz? - Bir dəfə televiziya ilə BƏƏ-nin oyununu izlədim. Bilirdim ki, pis komanda deyil.
- Biz Avropa təmsilçisi olan Çexiyanı üstələyə bilərik? - Əlbəttə. Elə bir komanda yoxdur ki, onu məğlub etmək mümkün olmasın.
- Rusiya yığması ilə görüşdəki bərabərlikdən sonra yığmada özünəinam artıb? - Nəticə qazananda inam artır. İraqa uduzsaq da, çexlərlə qarşılaşmada qələbə haqda düşünürük. Və buna nail olmağa çalışacağıq.
- Həftəsonu “Qarabağ” Azərbaycan çempionatında növbəti oyununu keçirəcək. Yorğunluqdan çəkinmirsiniz ki? - Açığı, son yarım ildə bu tempdə oynayırıq. Bir balaca yorğunluq hiss olunur. Amma nə etmək olar. Futbol həyatı belədir. |
|