| |
“Qarabağ”ın “Standard”la yoxlama oyununun nəticəsi önəmli deyildi. Çempionat üçün baş məşqçi futbolçuların dözümlülüyünü yoxlayırdı. Oyundan bir gün əvvəl klubumuzun oyunçularına yükləmələr olmuşdu və yorğunluq onların bədənindən çıxmayıb”. Supersport.Az-ın müxbiri ilə söhbətində “Qarabağ”ın təsisçisilərindən olan Adil Nadirov belə deyib. Təcrübəli mütəxəssis 3-4 günə futbolçuların bərpa olunacağını bildirib. “Qarabağ”ın rəsmisi “Neftçi” ilə oyun haqda da danışıb: “Bir məqamı deyim ki, “Qarabağ” heç vaxt “Kəpəz”lə istədiyi oyunu göstərə bilməyib. “Neftçi” də həmişə “Qarabağ”la qarşılaşmalarda belə aqibətlə üzləşib. Qarşıdakı oyunda da belə olacağını düşünürəm. Ancaq nəticənin necə olacağını deyə bilmərəm. “Qarabağ” və “Neftçi”də böyük dəyişikliklər olduğundan bu komandaların oyunlarında əvvəlki prinsipiallıq itib. Yoxlama oyununda uduzmağın mənfi təsiri olmayacaq. Əksinə, bu məğlubiyyət komandamızın xeyrinədir ki, futbolçularımız qarşıdakı matçda daha məsuliyyətli oynayacaqlar”. Adil Nadirov Vaqif Cavadovun komandada olmamasının heç bir təsiri olmayacağı qənaətindədir: “Əvəzolunmaz futbolçu yoxdur. Vaqif ilk dövrədə 3-4 qol vurub. Digər tərəfdən, komandamızda aparıcı futbolçular çoxdur və əsasən kollektiv oyun göstərir”. |
|